Estoniyada Rusiya televiziya kanallarına baxmaq 700 avro cərimə ilə nəticələnə bilər. Bundan əlavə, bu cür kanallara girişin təmin edilməsi və ya qoşulma cinayət məsuliyyətinə səbəb olur.
Hafta.az-ın yazdığına görə, Pskov vilayətinin qubernatoru Mixail Vedernikovun açıqlamalarına görə, bu vəziyyət Baltikyanı ölkələrdə Rusiya mediasına qoyulan məhdudiyyətlərin bir hissəsi kimi önə çıxır.
Estoniyada demək olar ki, bütün Rusiya telekanallarının yayımı qadağan edilib. Bu qadağa Rusiya ilə Qərb arasında artan gərginlik və Ukraynadakı müharibədən sonra Rusiya təbliğatının qarşısının alınması səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Təkcə televiziyaya deyil, rusdilli KİV-lərə, çap nəşrlərinə də ciddi məhdudiyyətlər var.
Pskov vilayətinin qubernatoru Mixail Vedernikov, "Nənə Rusiya televiziyasına baxarsa, 700 avro cərimələnə bilər" deyib. O, Estoniya kimi ölkələri tərk etmək istəyən Rusiya vətəndaşlarına dəstək olmaq üçün Vətəndaş Mərkəzi yaratdıqlarını da bildirib.
Artıq Türkmənistan və Baltikyanı ölkələrdən 500-dən çox insan Pskov vilayətinə köçüb. Kanadadan olan bəzi vətəndaşların bölgədə məskunlaşmaqda maraqlı olduğu açıqlanıb.
Estoniya Rusiya televiziya kanallarını Kremlin təbliğatını yaymaqda və cəmiyyəti qütbləşdirməkdə ittihamlayır. Buna görə də o, milli təhlükəsizlik zəminində medianın məhdudiyyətlərini müdafiə edir. Lakin bu cür qadağalar və cəzalar beynəlxalq insan haqları təşkilatları tərəfindən ifadə azadlığına müdaxilə kimi tənqid olunur.